“MİLLİ MƏCLİSİN QARŞISINDA İNTİHAR EDƏCƏM” – MƏMUR KÜRƏKƏNİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 12
    Shares

“Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…”

“Mənə qarşı qanunsuzluqlara və təzyiqlərə son qoyulmazsa, Milli Məclisin qarşısında intihar etmək məcburiyyətində qalacam! Başqa çıxış yolum qalmayıb, deputatın təsiri ilə məhkəmələr tərəfindən hüquqlarım kobud şəkildə pozulur”.

Xəbərdarlıq mahiyyətli bu fikirlər Bakı şəhəri, F.Yusifov küçəsi bina 45A, mənzil 72-də yaşayan Abdullayev Çavanşir Arif oğlu tərəfindən ölkə Prezidenti İlham Əliyevə, I vitse-Prezident Mehriban xanım Əliyevaya, Milli Məclisin sədri Oktay Əsədova və daxili işlər naziri Ramil Usubova ünvanlanan müraciətdən götürülüb.

Müraciətini media vasitəsilə ictimailəşdirən Cavanşir Abdullayev “AzPolitika.info”ya bildirib ki, millət vəkili, Milli Məclisin aqrar siyasət Komissiyasının sədri Eldar İbrahimovdan, onun qardaşı, keçmiş qayınatası Nizami İbrahimovdan, həmçinin Sabuncu rayon Məhkəməsinin hakimləri İmran Burcayev və Mehriban Qarayevadan, eləcə də Sabunçu rayon Polis İdarəsindən şikayətçidir.

“Ayrılmazdan əvvəl birgə nikah zamanı əldə etdiyimiz əmakın bölünməsinə dair saziş imzaladıq”

Cavanşir Abdullayevin bildirdiyinə görə, o, 2005-ci ildə deputat Eldar İbrahimovun qardaşı Nizami İbrahimovun qızı İradə İbrahimova (Abdullayeva) ilə ailə həyatı qurub. Bu nikahdan 2 övladları dünyaya gəlib. Ancaq bəzi səbəblərdən ailədə narazılıqlar yarandığından, İradə İbrahimovanın istəyi ilə ayrılmağa qərar veriblər. Buna görə də hələ ayrılmazdan öncə birgə nikah zamanı əldə etdikləri əmlakı böməyi qərara alıblar: “Bununla bağlı ötən ilin sentyabr ayının 6-da 50 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmaqla, əmlakın bölünməsinə dair saziş imzaladıq (Sazişin surəti müraciətə əlavə olunub-red). Saziş keçmiş həyat yoldaşımın istəyi üzrə, onun və mənim vəkillərimiz tərəfindən hazırlanmışdı. Qeyd edim ki, mən qardaşımla birlikdə ticarətlə məşğul olduğumdan əmlakların demək olar ki, hamısını öz halal qazancımla əldə etmişdim. Yalnız bir əmlakı – Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (Qaraçuxurda-red.) T.Qəmbərov küçəsində yerləşən həyət evi ailəsi tərəfindən nikahımızdan sonra bizə bağ evi kimi hədiyyə olunmuşdu. Ötən müddət ərzində mən həmin evə xeyli miqdarda pul xərcləyərək, oranı 2 mərtəbəli 4 otaqlı villaya çevirmişdim. Həyətində hovuz, yardımçı binalar tikdirmişdim, yol çəkdirmişdim və sair. Buna görə də o ev bizim ən dəyərli əmlakımıza çevrilmişdi. Ora bizə hədiyyə olunanda elə də böyük dəyərə malik olmayan bağ evi idisə, mənim çəkdiyim xərclərdən sonra qiyməti bir milyon manata yaxın olan villaya çevrildi. Bu səbəbdən həyat yoldaşımın razılığı əsasında həmin villa da mənim adıma rəsmiləşdirilmişdi”.

Cavanşir Abdullayev qeyd edir ki, ayrılmağa qərar verdiklərində də həyat yoldaşı ailəsinin də istəyi ilə həmin villanın ona verilməsini istəyib, digər əmlaklara qarşı heç bir iddiasının olmadığını bildirib: “Digər əmlaklar dedikdə… bura 1 birotaqlı, 1 ikiotaqlı ev, iki ədəd elə də böyük dəyəri olmayan maşın və kiçik bir qaraj daxildir. Onların hamısının ümumi dəyəri keçmiş həyat yoldaşımın tələb etdiyi villanın dəyərindən xeyli aşağıdır. Ancaq övladlarımın da həmin evdə yaşayacağını nəzərə alaraq, mən, razılaşdım. Bunun nəticəsi olaraq da aramızda notarial qaydada təsdiqlənməklə, saziş bağlandı”.

“Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…”

C.Abdullayev bildirir ki, ayrıldıqdan bir müddət sonra keçmiş həyat yoldaşı ona qarşı Sabuncu rayon Məhkəməsində həm aliment tələbilə, həm də əmlakın bölünməsinə dair 2 iddia ilə çıxış edib: “Açığı, aramızda əmlakı həyat yoldaşımın istəyinə uyğun böldüyümüzdən və bunu qanuni şəkildə rəsmiləşdirdiyimizdən, onun belə bir iddia ilə çıxış edəcəyini gözləmirdim. Görünür, ailəsinin istəyi ilə bu addımı atıb. Bilmirəm niyə belə ediblər? İmkanlı ailə olduqlarından, mənim 1-2 otaqlı evimin puluna da ehtiyacları olduğunu düşünmürəm. Əmisi Eldar İbrahimov deputatdır, Milli Məclisin aqrar siyasət Komissiyasının sədridir. Geniş imkanlarının olduğu hamıya məlumdur.

Keçmiş qayınatam Nizami İbrahimov uzun müddət “SDK” kimi tanınan Samur Gömrük Postunun rəisi işləyib. Hazırda da Əmlak Komitəsində işləyir. Rəsmi qazancı ilə mütənasib olmayan böyük varidatı, əmlakları var. Sağlığına qismət, indi bu haqda danışmaq istəmirəm. Bunları sadəcə ona görə qeyd edirəm ki, bunlar mənim əmlakımı ehtiyaca görə əlimdən almaq istəmirlər. Məqsədləri imkanlarından istifadə edərək əlimdəki hər şeyi almaq, məni tam müflis edərək dilənçi vəziyyətinə salmaqdır”.

Hakim sazişin bir hissəsini qanuni, digər hissələrini qanunsuz hesab edib!

C.Abdullayev iddia edir ki, bu zaman qeyri-qanuni vasitələrdən istifadə edirlər: “Təəssüf ki, bəzi hakimlər də buna şərait yaradır. Belə ki, keçmiş həyat yoldaşımın (ailəsinin istəyi ilə) əmlak bölgüsünə dair əsasız iddiası Sabuncu rayon Məhkəməsinin hakimi İmran Burcayev tərəfindən tam şəkildə təmin edilmişdir. Mənimlə həyat yoldaşım arasında əmlakın bölgüsünə dair saziş isə, villa ilə bağlı hissəsi istisna olmaqla, etibarsız hesab edilib. Və bu zaman absurd olaraq saziş bağlanarkən, qanunvericiliyin tələbinə əməl olunmadığı göstərilib. Necə ola bilər ki, sazişin bir hissəsi qanuni, digər hissələri qanunsuz olur?
Digər tərəfdən, məhkəmə heç bir sübut, əsas olmadığı halda, sadəcə iddiaçının dediyinə əsaslanaraq, mənim guya həyat yoldaşımı aldadaraq bu sazişi imzalatdığım qənaətinə gəlib. Halbuki, əvvəla bu saziş iki tərəfin də vəkilləri tərəfindən hazırlanıb, onların da iştirakı ilə imzalanıb. İkincisi, notariusda hər iki tərəfə sazişin hüquqi nəticələri izah olunduğundan, kiminsə digərini aldatması mümkün deyil. Ancaq hakim İmran Burcayev bunları deyil, keçmiş həyat yoldaşımın, daha doğrusu onun ailəsinin ərizəsindəki heç bur fakta söykənməyən iddialara əsaslanaraq qərar çıxarıb.

Bunda da heç şübhəsiz millət vəkili Eldar İbrahimovun iddiaçının əmisi olması faktı əsas rol oynayıb. Hakim İmran Burcayev proses zamanı məni heç dinləmək belə istəmədi. Açıq şəkildə nümayiş etdirirdi ki, o bu məsələni qarşı tərəfin xeyrinə həll etmək istəyir. Buna görə də çıxarılan qətnamədə prosesual hüquq normaları kobud çəkildə pozulub. İbrahimovların istəyi əsasında birgə nikah zamanı əldə etdiyimiz əmlakın böyük hissəsi – 70%-dən artığı əlimdən alınıb. Üstəlik, hakim mənə minnət qoydu ki, qarşı tərəf əmlakın 4/5 hissəsini tələb edirdi… Məgər məhkəmə qətnaməni kimlərinsə istəyi əsasında çıxarır?”

“Heç bir yerdə işləmədiyim halda hər ay 800 manat aliment tutulmasına qərar verilib”

Cavanşir Abdullayevin bildirdiyinə görə, İbrahimovlar bununla da kifayətlənməyərək, məhkəmənin ona yüksək məbləğdə aliment kəsməsinə nail olublar: “Qeyd etdiyim kimi, Sabuncu rayon Məhkəməsində keçmiş həyat yoldaşımın aliment tələbilə bağlı iddiası əsasında da tam qanunsuz qərar çıxarılıb. Keçmiş həyat yoldaşım hər uşağa görə əvvəlcə məndən 200 manat aliment istəyirdi. Mən də razılaşmışdım. Ancaq ailəsinin istəyi ilə sonradan məndən 1000 manat tutulmasına dair iddia qaldırdı. Hakim Mehriban Qarayeva da bu iddianı böyül ölçüdə təmin edərək, hazırda heç bir yerdə işləmədiyim, sabit gəlirim olmadığı halda hər ay məndən 800 manat aliment tutulması barədə qətnamə çıxardı. Əlbəttə, mən övladlarıma baxmaqdan, onların maddi tələbatını qarşılamaqdan imtina etmirəm. Bu günə qədər də onların bütün tələblərini qarşılamağa çalışmışam. Amma müəyən səbəblərdən hazırda işləmirəm, gəlirim yoxdur. Ürəyimdən əməliyyat olunmuşam, stend qoyulub. Ona görə də işləyə bilmirəm. Qardaşımın himayəsində yaşayıram. Qətnamədə də bu göstərilib. Buna baxmayaraq və qarşı tərəfin maddi durumu məndən qat-qat yaxşı olduğu halda, 800 manat aliment kəsilməsi haqda qərar çıxarılıb. Halbuki, qanunla hər uşağa görə mənə maksimum 154 manat aliment kəsilə bilər. Düşünürəm ki, hakim Mehriban Qarayevanın belə bir qərar çıxarmasında deputat Eldar İbrahimovun təsiri olub”.

“10 gün Sabunçu rayon Polis İdarəsində saxlanılmışam, amma…”

Cavanşir Abdullayev İbrahimovların təsiri ilə polis tərəfindən qanunsuz olaraq həbsdə saxlanıldığını da bildirir: “Bu ilin 4 iyun tarixindən 14 iyun tarixinədək 10 gün Sabunçu rayon Polis İdarəsinin (RPİ) MSY-də saxlanılmışam. Keçmiş qayınatamın şikayəti əsasında. Guya mən övladlarımla görüşməyə gedərkən, onu təhqir etmişəm. Halbuki, mən ümumiyyətlə maşından düşməmişəm, bunun şahidləri də var. Ancaq buna baxmayaraq, Nizami İbrahimovun evindəki qulluqçulardan, qapıçıdan əleyhimə izahat alıb, məni 510-cu maddəylə inzibati qaydada 10 sutka həbsdə saxladılar. Bu fakt göndərdiyimiz sorğuya Sabunçu RPİ tərəfindən verilən cavabda da öz əksini tapıb (Surəti yazıya əlavə olunub-red.).

Ancaq Sabuncu rayon Məhkəməsinə göndərdiyimiz anoloji sorğuya verilən cavabdan məlum olur ki, mənimlə bağlı Sabunçu rayon Məhkəməsinə nə 2017-ci ildə, nə də bu il hər hansı inzibati xarakterli material daxil olmayıb (Surəti yazıya əlavə olunub-red.). Bu isə mənim qanunsuz olaraq, kimlərinsə sifarişi ilə saxlanıldığımı göstərir. Polis İdarəsində olduğum müddətdə mən təcridxanaya salınmamışam. Qeyd edim ki, hətta Polis İdarəsindən məni Apellyasiya Məhkəməsinə apardılar ki, gəl şikayət verib qərarı ləğv etdirək. Sonra da gəldilər ki, qərar qüvvəsində saxlanıldı. İndi məhkəmənin cavabından məlum olur ki, bunlar hamısı oyun olub. Buna görə də hörmətli nazirimiz Ramil Usubova müraciət edərək, mənim hansı əsasla saxlanıldığımın araşdırılmasını tapşırmasını xahiş edirəm”.

Cavanşir Abdullayev İbrahimovların sifarişi ilə yol polisi tərəfindən də tez-tez əsassız olaraq saxlanıldığını bildirir: “Ona görə də artıq avtomobillə şəhərə çıxmağa ehtiyatlanıram”.

“Ölkə rəhbərliyindən köməklik istəyirəm”

Cavanşir Abdullayev Sabunçu rayon Məhkəməsində çıxarılan qətnamələrdən apellyasiya şikayəti verdiyini deyir: “Əmlak bölgüsü tələbinə dair olan mülki iş hakim Vüqar Həsənovun icraatındadır. İşə oktyabrın 2-də baxılacaq. Aliment tələbinə dair iş isə hazırda hakim Məmməd Məmmədovun icraatındadır. Mən hər iki hakimin ədalətli qərar çıxaracağına ümid edirəm. Ancaq keçmiş həyat yoldaşım mənə bir neçə dəfə bildirb ki, əmisi E.İbrahimovun Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevlə çox yaxın münasibətləri var. Buna görə də verilən qərarların dəyişməyəcəyini, qətnamələrin qüvvədə qalacağını bildirir. Bu isə məndə bu işlərə obyektiv bağılacağına dair şübhə yaradır.

Ona görə də, mən cənab Prezident İlham Əliyevə, hörmətli I vitse-Prezident Mehriban xanım Əliyevaya, həmçinin Milli Məclisin sədri Oktay Əsədova müraciət edərək, mənim şikayətlərimə obyektiv baxılmasının təmin edilməsinə dair göstəriş vermələrini xahiş edirəm. Bizim dövlət hüquqi dövlət olduğundan, Konstitusiyada da qeyd edilir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatşısı məhz Prezidentdir. Ona görə də, hakimlər kimlərinsə istəyi ilə deyil, qanunlara uyğun qərarlar çıxarmalıdırlar. Məhkəmələrin işinə müdaxilə özü də hüquqi məsuliyyət yaradır. Heç kimin, o cümlədən deputat E.İbrahimovun tutduğu vəzifə sadə vətəndaşın, o cümlədən mənim hüquqlarımın pozulmasına səbəb ola bilməz. Hüquqlarımın davamlı olaraq qanunsuz şəkildə tapdalanmasının, əmlaklarımın əlimdən alınmasının qarşısı alınmazsa, mənim intihardan başqa çıxış yolum qalmayacaq. Deputat Eldar İbrahimovun məhkəmələrə təsiri, hakimlərin qanunsuz qətnamələri sonda məni buna məcbur edəcək.
Ona görə də, dövlət başçısından, müvafiq orqanların rəhbərlərindən bir daha xahiş edirəm ki, mənim şikayətlərimin hərtərəfli və obyektiv araşdırılmasına köməklik göstərsinlər”.

Əməkdaşımız keçmiş kürəkənlərinin bu iddia və ittihamları ilə bağlı İbrahimovların da mövqeyini öyrənməyə cəhd edib. Deputat Eldar İbrahimov zənglərə cavab verməyib. C.Abdullayevin keçmiş qayınatası Nizami İbrahimov isə keçmiş kürəkəninin ittihamlarına bir cümləlik cavabla kifayətlənib. “Biz bandit-zad deyilik ki, kiminsə əmlakını zorla əlindən alaq. İşə məhkəmədə baxılır və məhkəmə qərar verir”. C.Abdullayevin intihar xəbərdarlığına gəlincə, N.İbrahimov deyib: “O mənim keçmiş kürəkənimdir. Nə edəcəyi ilə maraqlanmıram”.

TİA.AZ

Related Articles

050-295-94-79
top