DÖVLƏT İTTİHAMÇISI GƏLMƏDİ, İLQAR MƏMMƏDOVUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
AYDINLIQ.AZ “Report”a istinadən xəbər verir ki, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının məhkəməyə gəlmədiyi elan olunub. Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.
Ali Məhkəmənin Plenumunda İ.Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və apellyasiya instansiya məhkəməsinə göndərilib.
Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv olunub.

Related Articles

050-295-94-79
top