DÖVLƏT İMTAHAN MƏRKƏZİNİN GƏNCƏ REGİONAL BÖLMƏSİNİN MÜDİRİNƏ QARŞI KORRUPSİYA İDDİASI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 4
    Shares

DİM: “Müraciət ünvanlayan şəxslər qeyri-qanuni fəaliyyət göstərməyə cəhd etdikləri üçün komissiya üzvlüyündən xaric edilmiş universitetlərin əməkdaşlarıdı”

Bizimyol.info-ya Gəncə şəhərində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə keçirilən qabiliyyət imtahanlarında korrupsiya hallarının baş verməsinə dair müraciət daxil olub.

Müraciət edən şəxs Gəncə şəhər sakini Məmmədov Arzu Qasım oğludur. O, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədovdan şikayətçidir.

O, bildirib ki, Gəncə şəhərində qabiliyyət imtahanları əsasən Azərbaycan Texnologiya Universitetində və Gəncə Dövlət Universitetində keçirilir: “Azərbaycan Texnologiya Universittində “dizayn”, Gəncə Dövlət Universitetində isə “bədən tərbiyəsi və idman”, “təsviri-incəsənət müəllimliyi”, “musiqi müəllimliyi” ixtisasları üzrə qabiliyyət imtahanları keçirilir. Bu qabiliyyət imtahanlarının keçirilməsinə rəhbərliyi Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov həyata keçirir. Bu imtahanlarda Nəsimi Məmmədovun rəhbərlik etdiyi regional qəbul komissiyasının işçiləri Babək və Vüsal adlı şəxslər xüsusi canfəşanlıq göstərirlər”.

A.Məmmədov qeyd edib ki, Gəncə Dövlət Universitetinin idman klubunun sədri Xəqani Umudov hazırlıq kursu açıb: “Bu şəxs müxtəlif abituriyentləri tapır, qabiliyyət imtahanından qiymət yazdıracağına söz verir. Xəqani Umudov heç bir elmi dərəcəsi olmayan savadsız bir şəxsdir, o, GDU-nun idman ixtisasını güc-bəla ilə bitirib. Amma X.Umudov regional qəbul komissiyasının işçilərinə abituriyent daşımaqda pərgardır. X.Umudov abituriyentlərin hər birindən qabiliyyət imtahanından qiymət yazılması üçün 2500-3000 manat pul alır. Sonra isə pul aldığı şəxslərin siyahısını və hər bir abituriyentə 2000 manatdan Nəsimi müəllimə pul verir. Bu şəxslər Bakı şəhərindən Sizin tapşırığınızla gələn komissiya üzvlərini də ələ alıblar. Bunlar elə abituriyentlərdən qiymət yazmaq üçün pul alıblar ki, məsələn idman ixtisasında turnikdə çəkilə bilmir, tullana bilmir. Elə abituriyent var ki, çəkisi 100 kq-dan çoxdur, 50 metr məsafəyə qaça bilmir, amma idmandan qabiliyyət imtahanından keçmək üçün Gəncə Dövlət Universitetinin idman klubunun sədri Xaqani Ümudov tərəfindən pulları alınaraq Nəsimi Məmmədova ötürülüb. Xaqani Umudov bütün günü Nəsimi Məmmədov, Babək, Vüsal adlı işçilər və Bakıdan gələn komissiya üzvləri ilə bir yerdədir. Bu şəxslər Xaqani Umudovun şəxsi maşını ilə şəhərin kababxanalarında öz keflərindədir”.

A.Məmmədov bildirib ki, “Təsviri-incəsənət müəllimliyi” ixtisasında Nəsimi Məmmədov kimlərə qiymət yazdırmaq istəyirsə, kənar adamların əvvəlcədən çəkdiyi şəkilləri sənədlərin arasına qoyur, abituiyent çəkən şəkilləri isə cırıb tullayır: “Bu məqsədlə istifadə olunacaq hazır şəkillər artıq Nəsimi Məmmədovdadır. Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanımdan xahiş edirik ki, bu özbaşınalıqlar haqqında lazımi tədbirlər görəsiniz”.

Gəncə şəhər sakini Məmmədov Arzu Qasım oğlunun müraciəti əsasında Dövlət İmtahan Mərkəzinə (DİM) göndərdiyimiz informasiya sorğusuna cavab verilib.

Cavabda bildirilib ki, Dövlət İmtahan Mərkəzinə müraciət daxil olduqdan dərhal sonra Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin göstərişi əsasında bu halların araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb və komissiya üzvləri Gəncə şəhərinə ezam olunublar: “Komissiya üzvlərinin araşdırmalarına əsasən, məlum olub ki, bir qrup Gəncə şəhər sakini tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur. Burada əsas məqsəd qabiliyyət imtahanlarında obyektivliyin təmin edilməsi üçün cəlb edilmiş DİM-in Gəncə Regional Bölməsinin əməkdaşlarına qarşı qərəzin nümayiş etdirilməsidir. Belə ki, DİM-ə müraciət ünvanlayan şəxslərin əvvəllər qabiliyyət imtahan komissiyalarının üzvləri olmuş və qeyri-qanuni fəaliyyət göstərməyə və prosesin şəffaflığına müdaxilə etməyə cəhd etdikləri üçün komissiya üzvlüyündən xaric edilmiş Gəncədə fəaliyyət göstərən universitetlərin əməkdaşları olması aşkar edilib. Həmin şəxslər onlara bu proseslərə müdaxilə etməyə mane olan DİM Gəncə Regional Bölməsinin əməkdaşlarına və hazırkı imtahan komissiyasının üzvlərinə qarşı açıq qərəz nümayiş etdirməklə böhtan atırlar.
Yazılan əssasız böhtan xarakterli iddialara cavab olaraq qeyd edirik ki, keçən il də belə bir müraciət Gəncə ziyalıları adından edilib. Araşdırma nəticəsində müraciətdə adları qeyd olunan ziyalıların heç birinin həmin müraciətdən xəbərdar olmaması faktı müəyyən edilib. Bir sıra şəxslər Gəncə ziyalıları adından çıxış edərək ictimaiyyət arasında mənfi fikirlər yaratmağa çalışırdılar. Bu yazılar artıq bu il də, iyul ayının 26-dan yenidən yayılmağa başlanıb. Diqqətinizə çatdırırıq ki, iyulun 26–dək Gəncə şəhərində yalnız musiqi istiqaməti üzrə iki gün imtahan keçirilib. Bu imtahanlarda şəffaflığın təmin olunması üçün video çəkliş aparılıb. Amma müraciətlərdə İdman, Dizayn, Təsviri İncəsənət müəllimliyi ixtisaslarının imtahanlarında qaydaların pozulması, turnikdə çəkinə bilməyənlərə, əl işi olmayanlara qiymət yazılması barədə məlumatlar qeyd edilib. Bildiririk ki, müraciət daxil olduqda Gəncədə İdman istiqaməti üzrə qabiliyyət imtahanları hələ başlamamışdı və avqustun 1–dən 9 dək aparılması nəzərdə tutulmuşdu. Təsviri İncəsənət müəllimliyi istiqaməti üzrə də, eyni qaydada, imtahanlar 1-2 avqust tarixlərində keçirilməli idi. Bu sadə faktlar məsələnin əsl mahiyyəti barədə hər şeyi açıq deyir.

Müraciətdə GDU-nun müəllimi Xəqani Umudovun da adı çəkilir. DİM-in Gəncə Regional Bölməsinin işçilərindən alınmış izahatlardan məlum olub ki, bu şəxslə əməkdaşların heç bir əlaqəsi yoxdur, hətta həmin şəxsi tanımırlar.
Onu da qeyd etmək istəyirik ki, qabiliyyət imtahanları mərkəzləşdirilmiş qaydada aparılır və imtahanlara müvafiq sahə üzrə yaradıcılıq ittifaqlarından, ictimai təşkilatlardan və təhsil müəssisələrindən ekspertlər cəlb olunur. Qabiliyyət imtahanlarında qiymətləndirməni aparan da DİM-in əməkdaşları deyil, həmin imtahanlara cəlb olunan ixtisas üzrə ekspert-müəllimlərdir.

Biz istərdik ki, bu məsələ ilə bağlı heç olmazsa, qəbul olan, imtahanlarda iştirak edən abituryentlərlə bir sorğu keçirilsin. Vaxtilə bu işlərlə məşğul olmuş bir qrup dələduz imtahan verəcək abituriyentlərin valideynlərini aldadaraq pul müqabilində onları qabliyyət imtahanlardan keçirmək adı ilə vəsaitlərini alıblar. Bu abituriyentlər imtahanlardan məqbul qiymət aldıqda biz keçirdik, qeyri məqbul qiymət aldıqda isə baş tutmadı deyərək öz çirkin əməllərini həyata keçiriblər. Çox əfsuslar olsun ki, bu valideynlərdən hüquq mühafizə orqanlarına şikayət edənlər olmur. Biz istərdik belə bir fakt varsa, hüquq mühafizə orqanlarına şikayət olunsun və məsələ araşdırılsın.

DİM öz nöbəsində bu əsassız böhtan xarakterli iddialarla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək. Müraciətdə qeyd edilən hallar araşdırılsın, məsələyə hüquqi qiymət verilsin və qanunpozuntusuna yol verən şəxslər məsuluyyətə cəlb olunsunlar”.

Related Articles

050-295-94-79
top