“TƏXRİBATA ÇAĞIRIŞ EDƏNLƏRİN HAMISI TUTULMALIDIR” – GƏNCƏNİN DEPUTATI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

“Qeyri-qanuni hərəkətlərə, iğtişaşlara, dövlət çevrilişinə cəhdə və sui-qəsdə çağırış hansı ölkənin vətəndaşı olmasından, hansı ölkədə yaşamasından, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq qanunla qadağandır və bunlara qarşı müvafiq tədbirlər görülməlidir”
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Gəncədən seçilən deputatı Musa Quliyev deyib. Millət vəkili bildirib ki, Azərbaycana düşmən mövqedə olan insanların bəziləri cinayət hadisələri törədərək ölkədən gedib, bəziləri digər ölkələrin xüsusi xidmət orqanlarına satılıblar.

“Hansı səbəbdən ölkədən getməsindən asılı olmayaraq, onlar Azərbaycana qarşı xarici ölkələrdə oturub müxtəlif qeyri-qanuni çağırışlar, təbliğatlarla məşğul olurlar. Onların çağırışlarında terror, ixtişaşlar, dövlət məmuruna qəsd cəhdi dəstəklənir. Bunlar hamısı qeyri-konstitusion və qeyri-qanuni çağırışlardır. İnsanları səhv yola, cinayət yoluna təhrik etməkdir və bu insanlar mütləq cəzalarını almalıdırlar. Azərbaycanda terrora çağırışla bağlı müvafiq işlər aparılır. İyulun 10-da qeyri-qanuni aksiyada iştirak edənlərin bir qismi tutulub, bir qisminin tutulması istiqamətində iş gedir”.

Deputat hesab edir ki, təkcə meydanda iştirak edənlər deyil, sosial şəbəkələrdə, klaviatura arxasında oturub, hansı adla daxil olmasından asılı olmayaraq, iyulun 3-dən 10-a qədər təxribatçı çağırışlar edənlərin hamısı tutulmalıdır.

“Bu vaxt aparan, amma ciddi dövlət əhəmiyyətli işdir. İnsanlar gördükləri işlər barəsində məsuliyyətini dərk etməlidirlər ki, gələcəkdə belə hallar baş verməsin”.

M.Quliyev qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə və kəşfiyyat orqanları öz səlahiyyətləri və imkanlarından istifadə etməklə təxribatçılara qarşı tədbirlər görməlidir:

“Sosial şəbəkələrlə bağlı onların mərkəzlərinə müraciət etmək olar və bu insanların dəqiq adresinə qədər hər şey tapılmalıdır. Cəmiyyətə göstərməlidir ki, harmoniyanı, əmin-amanlığı pozanların cəzası belədir. Xarici ölkələrdə yaşayanlara gəlincə, Azərbaycan beynəlxalq konvensiyaların üzvüdir, bir çox ölkələrlə müqavilələr mövcuddur. Konvensiya və müqavilələrdən irəli gələn şərtlər daxilində həmin şəxslərə ölkədə cinayət işi qaldırılıb və onların ekstradisiyasını təmin etmək olar”.

Related Articles

050-295-94-79
top