Şamaxıda “Ampa” kabusu – Polis rəisinin qardaşı Əflatun Məcidovun “oğru ideyası” və biznesi

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir müddət əvvəl Şamaxı rayonunda baş verən bir cinayət hadisəsi barədə ətraflı məlumat vermişdik. Realliq.info – nun apardığı araşdırmalar zamanı məlum olmuşdu ki, Şamaxı şəhərində yaşayan Elxan adlı şəxs Nadir və Samir adlı şəxslər tərəfindən evində güllələnib. Hadisə nəticəsində ağır yaralanan Elxan Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Realliq.info – ya bildirilib ki, Elxanın qarın və qol nayihəsindən güllə yarası alıb.
Cinayəti törədən şəxslər isə bir neçə gün sonra həbs olunublar.
Saytın araşdırmalarından məlum olub ki, vətəndaşın evinə basqın edən Nadir və Samir adlı şəxslər Tərtər rayon Polis şöbəsinin rəisi Rauf Məcidovun bacısı uşaqlarıdır. Onların dayısı Ramiz Məcidov Şamaxı Polis Şöbəsində aparıcı müstəntiq, digər dayıları Seyidəli Məcidov Şirvan şəhər prokurorluğunda müavin vəzifəsində çalışır.

Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı bəlli olub ki, bu hadisə Samir və Nadir adlı şəxslərin ilk cinayəti deyil. Rayonda bir çox hadisələrin səbəbkarı olan şəxslər bu günə qədər cəzadan yayına biliblər.
Həmin məlumat saytda dərc olunandan sonra Şamaxıdan redaksiyamıza bir sıra məktublar daxil olub. Həmin məktublarda qeyd olunanları araşdıran Realliq.info cinayət törədən şəxslərin himayədarını üzə çıxarıb.
Uzun müddət Şamaxıda “oğru qanunları” ilə tanınan “Ampa” ləqəbli şəxsin qanunla cəzalandırılmaması diqqətdən yayınmayıb. Qeyd edək ki, “Ampa” ləqəbli Əflatun Məcidov cinayət törədən şəxslərin dayısıdır. Onun qardaşının polis rəisi və digər qardaşlarının rütbəli şəxs olmaları bir sıra cinayətlərin ört-basdır edilməsinə səbəb olub.
Əflatun Məcidovun bir müddət əvvəl Rusiyadan gələn vətəndaşın Şamaxıda vəhşicəsinə döyülməsində adı hallanırdı. Həmin hadisəni video ilə çəkilişi də “Ampa”-nın hazırda həbsdə olan bacısı uşaqları tərəfindən həyata keçirildiyi bildirilir.
Şamaxıda Əflatun Məcidovun sözünün üstünə söz demək olmaz. 40 yaşlı “Ampa” ona etiraz edən və onun qaydalarına uymayan vətəndaşları ağır cəzalandırır. Rayonda milyonçu kimi tanınan şəxsin əvvəllər də bir sıra cinayətlərdə adı hallanıb. Lakin, Ə.Məcidovu qanunla cəzalandırmaq mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, Şamaxıda demək olar ki, böyük şadlıq sarayları və obyektlərin bir çoxu “Ampa” – ya aiddir. Bununla yanaşı, Şamaxı avtovağzalının sahibi də bu şəxsdir. Bu şəxsin Pirquluda, Avaxılda və Çuxuryurtda otellər şəbəkəsi var. Bununla yanaşı Şamaxıda zavodu, 160 – a yaxın yük daşıyan maşını və özünün istifadəsində olan 20 – yə yaxın bahalı avtomobili var. Ampa həmin avtomobilləri ancaq bir dövlət nömrə nişanı ilə idarə edir. Sonu 005 nömrəsi ilə bitən avtomobillərin sahibi özünü “oğru aləminin” üzvü sayır. Bu şəxsin adı el dili ilə desək “razborkalarda”, evlərə basqında və digər özbaşınalıqlarda çəkilir.
“Ampa” ləqəbli Əflatun Məcidovun qurbanı olan insanların sayı az deyil. Daxil olan məlumatlar hazırda araşdırılır. Ölkə qanunlarına məhəl qoymayan Məcidovların qanunsuz fəaliyyəti ilə bağlı ətraflı məlumat verəcəyik.

Realliq.info

Related Articles

050-295-94-79
top