Ekoloji fəlakət – Muxtar Babayev susur, Vaqif Novruzov isə Bakını yandırır – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir neçə gün öncə Realliq.info – da dərc olunan “Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur” başlıqlı yazıda qeyd olunan faktlar Ekologiya və Təbii Sərvətlər nazirliyini narahat etmir. Nazirliyin aidiyyatı şöbələri baş verən hadisəyə – cinayət tərkibli əməllərə biganə münasibət sərgiləməkdə davam edirlər.
Xatırladaq ki, yazıda Sabunçu rayonu, Ramana qəsəbəsində (Şuşa məhəlləsində) yerləşən meşənin yandırılması və ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı faktlara yer verilib. Saytın ərazidə olan əməkdaşı dəhşətli mənzərənin şahidi olub.

Ramana qəsəbəsində yerləşən hektarlarla meşə yandırılaraq ağaclar qurudulub. Bundan sonra ağacları kəsən şəxslər ərazini saxta sənədlərlə satışını təşkil edirlər. Ərazidə yaşayan vətəndaşlar Realliq.info – ya bildiriblər ki, meşəni kütləvi şəkildə məhv edənlər Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarıdır. Miri və Yusif adlı məmurların yandırılan və məhv edilən meşənin ərazisini satışa çıxardığı məlum olub.

Ekoloji fəlakət – Muxtar Babayev susur, Vaqif Novruzov isə Bakını yandırır – VİDEO
Ərazidə çəkilən fotolar və videolar bir daha baş verən qanunsuzluğu təsdiq etməkdədir.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ərazi üzrə nümayəndəsi Miri müəllim Realliq.info – nun sorğularını cavablandırarkən baş verənlərdən xəbərsiz olduğunu bildirib və fotoların ona təqdim edilməsini istəyib. Lakin araşdırmalar göstərir ki, ağacların kəsilməsindən və meşənin yandırılmaslndan xəbərsiz olduğunu söyləyən Miri müəllim qurudulmuş ərazinin satışını təşkil edir.
Yazıda qeyd olunurdu ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin Bakı Ekologiya idarəsinin Sabunçu rayonu üzrə məsul şəxsi Şakir müəllim Realliq.info – nun baş redaktoru ilə telefon danışığı bir sıra məsələlərə aydınlıq gətirib. Şakir müəllim sorğuları cavablandırmaqdan yayınaraq özünün də Lənkərandan olduğunu və baş redaktora Talış meşələrinin kütləvi qırıldığı bir zamanda Sabunçuda baş verənlərdən narahat olmamağı məsləhət bilib. Nazirliyin əməkdaşı qeyd edib ki, yaşıllığın məhv edilməsindən xəbərsiz deyil və baş verənlərə belə can yandırmaq lazım deyil.
Şakir müəllimin əsəbləşməsi və faktlara görə jurnalistləri qınaması danışığın yarımçıq bitməsinə səbəb olub. Qeyd edək ki, ərazidə yaşayan sakinlər saytımızın əməkdaşına bildirmişdilər ki, meşənin yandırılaraq məhv edilməsi ilə bağlı Şakir müəllimə və Bakı Ekologiya idarəsinə müraciət ediblər. Qanunsuzluğun qarşısının alınmaması göstərir ki, məmurlar qazanc məqsədilə hektarlarla meşəni satışa çıxarıblar.
Yazı müəllifi onu da qeyd edirdi ki, Ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Bakı İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və Ekologiya Nazirliyinin əməkdaşları torpaqların qanunsuz sənədlərlə satışını davam etdirirlər. Ümüd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri Ramanada baş verən qanunsuzluğun və cinayət tərkibli əməllərin qarşısını alcaq və Şakir müəllim kimi məmurların qanunla cəzalandırılmasına tapşırıq verəcək.
Dərc olunan yazıdan sonra Ekologiya və Təbii Sərvətlər nazirliyi faktları araşdırmaq və qanunsuzluğun qarşısını almaq əvəzinə susmağa üstünlük verir. Nəticədə bir neçə məmurun şəxsi maraqlarının qurbanına çevrilən yaşıllığın məhv edilməsi prosesi genişlənməkdədir.
Realliq.info – nun apardığı araşdırmalar zamanı məlum olub ki, qeyd olunan ərazidə ağacların kəsilməsi və yandırılaraq məhv edilməsi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzovun tapşırığı ilə həyata keçirilir. Vaqif Novruzov 2015 – ci ildə Binəqədi rayonunda 10 – dan çox insanın ölümü ilə nəticələnən hadisədə həbs edilmiş Qəzənfər Novruzovun qardaşıdır. V.Novruzovun digər qardaşı Naxçıvan DİN – də nazir müavini vəzivəsini tutan Səbuhi Novruzovdur.
Qəzənfər Novruzovun Binəqədidə yanmış binaya görə məsuliyyətə cəlb edilməsi Vaqif Novruzovun fəaliyyətində dəyişiklik etməyib. Əksinə bu məmur Bakıda yaşıllıqların məhv edilməsində əsas simaya çevrilib. Onun fəaliyyətinin araşdırılmaması və qanuni tədbirlərin görülməməsi bizi daha dəhşətli faktlarla üz –üzə qoymaqdadır.
Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni nazirin təyinatı bölgələrdə və Bakıda yaşıllıqların məhv edilməsinə qoyulan qadağaları ortadan qaldırıb. Muxtar Babayevin fəaliyyətindən artan narazılıqlar təsadüfi deyil. Sələfi Hüseyn Bağırovun ekologiyanın qorunması üçün etdikləri hamını razı salmışdı. Lakin yeni nazir hələki, Bakıda və bölgələrdə baş verən özbaşınalığı otağından seyr etməklə fəaliyyətini bitmiş hesab edir. Ümid edək ki, Muxtar Babayev sələfi tərəfindən nazirliyin qazandığı imici məhv etməkdən yayınacaq və baş verənlərə qarşı sərt mübarizə aparacaq.
Araşdırmalarımız davam edir.

www.xalqxeber.az

Related Articles

050-295-94-79
top