ZİYA MƏMMƏDOVUN HOLDİNQİ “SÖKÜLÜR”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Garant Holding”in ofisi bağlıdır, şirkətin telefonları söndürülüb
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailə biznesinin cəmləşdiyi “Garant Holding”in törəmə müəssisəsi olan “Garant İnşaat Sənaye” MMC növbəti dəfə adını dəyişib. İndi o, “Fortis Group” adlanır. Tikinti materialları istehsal edən zavod – “Azbentonit” MMC 2004-cü ildə Abşeron rayonunda istismara verilib. 2015-ci ilin sentyabr ayında 25 milyon manat kapitalı olan şirkətin adı dəyişdirilərək “Garant İnşaat Sənaye” adlandırılıb. Bu ilin may ayında şirkətin kreditorlarına kapitalın 7,2 milyon manat azaldılması ilə bağlı xəbərdarlıq edilib.
Ziya Məmmədov ötən ilin fevralında Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalıb. Həmin günlərdə digər və daha kiçik bir vəzifəyə təyinat alacağı ümidi ilə yaşayan sabiq nazirin gözləntiləri gerçək olmadı. Bundan sonra onun “Garant Holdinq”ə rəhbərlik edəcəyinə dair xəbərlər yayılmışdı. Lakin bu da baş vermədi. Ziya Məmmədov postunu itirəndən sonra verdiyi müsahibəsində artıq sadə vətəndaş olduğunu bildirmişdi. Demədiyi bircə məqam vardı – 100 milyonlara sahib sadə vətəndaş. Onun nazirliyinə son verildiyi günlərdə Ziya Məmmədovun ailə biznesinin tezliklə çökəcəyi barədə məlumatlar vardı.
Sabiq nazirin biznes strukturlarını təhvil verməyə razılaşdığı xəbərləri yayılmışdı. İddia olunurdu ki, oğlu Anar Məmmədov ölkədən kənarda yaşasa da, Ziya Məmmədova Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb. Keçmiş nazirin ailəsi uzun illər hüdudsuz səlahiyyətləri nəticəsində ölkə iqtisadiyyatının neft daşımaçılığından tutmuş “fast-fud” fəaliyyətinədək, böyük bir spektrində hökmranlıq edə biliblər. 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adı ilə fəaliyyət göstərən Məmmədovların biznes imperiyası “Garant-Holdinq”ə çevriləndən sonra da təsir imkanlarını daha da artırdı. “Garant Holdinq”in tərkibinə 17 yerli şirkət daxil idi. (musavat.com)

Bunlar “Qarant Sığorta” ASC, “Azbentonit” MMC, “Royal İsteyt” MMC, “Qarant Tour” MMC , “English Yard” MMC, “Quba Olimpiya Kompleksi” MMC, “Avto-Media” MMC, “Ucar Aqro” MMC, “M.Trans” MMC, “Ameritex” MMC, “Transevrokom” MMC, ” Zqan konstrakşn” MMC, “Turbo.az” MMC, “Qarant Sığorta Agenti” MMC, “Quba Resort” MMC, “AFK” MMC, “Delfin” MMC və “Goranboy Gips” ASC-dir…

Holdinqə daxil olan şirkətlər istehsal, tikinti, logistika, hotel və daşınmaz əmlak, kənd təsərrüfatı və sair sahələrdə fəaliyyət göstərirdi. Hələ Ziya Məmmədov nazir olanda bu şirkətlərdən fəaliyyətini dayandıranlar var idi (məsələn, “Qarant Sığorta”). Amma bu, Məmmədovlar imperiyası üçün elə də böyük itki hesab olunmurdu. Gələn məlumatlar deməyə əsas verir ki, sabiq nazirin ailə biznes imperiyası sürətlə çökməkdədir. Məmmədovların şimal bölgəsində olan bizneslərinin təhvil-təslimi başlayıb.
Xüsusilə Qubada “Garant Holding”in fəaliyyəti tam sıxışdırılıb. İş orasındadır ki, Məmmədovların ölkənin səfalı yerlərində böyük villaları da var ki, indi onları satmaq problemə çevrilib. Məmmədovlar isə Azərbaycandakı bütün əmlaklarını – hotellərdən tutmuş restoranlaradək, satmaq niyyətini gerçəklədirməkdədirlər. Bundan əvvəl isə “Garant Holding”in bir hissəsini təşkil edən, ən iri quş əti istehsalçılarından olan “Ucar Aqro”nu itirən Məmmədovlar daha bir “xırda” bizneslərindən əllərini çəkiblər. “Garant Holding”in nəzarətində olan KFC restoranlarının mülkiyyətçisi aylar əvvəl rəsmən dəyişib. Məşhur KFC “fast-fud” restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir iş adamı, “PNN Group” şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, “AFK” MMC-ni qurdu, Bakıda bir-birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü. Şəbəkə “Garant Holding”ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan, “28 May” metro stansiyası yaxınlığında yerləşən tarixi binada açılmışdı. Ziya Məmmədov nazir kreslosunu itirəndən sonra həmin restoran “başqa ünvana köçmək” adı ilə bağlanıb.
“Garant Holdinğ” şirkətinin rəsmi web saytı sonuncu dəfə 2014-cü ilin oktyabrında yenilənib. “Garant Holding”in ofisi isə bağlıdır, şirkətin telefonları söndürülüb. Məmmədovlarla böyük hesablaşma başlayıb…

Related Articles

050-295-94-79
top