PAMBIQÇI: “TORPAQ ÜSTÜNDƏ QIVRILIRDILAR, SANKİ İLAN İDİLƏR…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares
3 uşaq anası Banu Sadıqovanın sol gözündə torlanma yaranıb. Ona günəşə çıxması da qadağan olunub. Həqiqət Məmmədova güclə yeriyir. Qolunun da biri tutulub, işləmir. Rəna Həsənova isə uşaqlarına yemək də hazırlaya bilmir. Bütün günü baş gicəllənmə, ürək sıxılması, halsızlıq onu izləyir. Bu analar pambıq tarlalarında zəhərlənən onlarla qadından yalnız üçüdür.
İyunun 10-da Saatlı rayonunun Smada kəndində 24 nəfərin zəhərlənməsi ilə yadda qalan hadisəni pambıqçılar belə xatırlayır: “Hətta biri mənim qucağımda öldü. Elə bildim Elnarə öldü. O, ayılanda mən allaha şükür etdim”.
“Bizim vəziyyətimizi kim görsəydi, mən inanıram ki, pambıq sahəsindən əbədi əl çəkərdi. Elə bir vəziyyət idi ki… İnsanların qışqırmağı, bağırmağı… İlan kimi qıvrılırdılar, sanki ilan idilər, torpaq üstdə qıvrılırdılar”.
“Sol gözümdə torlanma qalıb. Elə bil pərdənin arxasında görürəm. Əsəb sistemimiz təmiz pozulub. Mən gün işığına çıxa bilmirəm. Gün şüası qadağandır. Bu dəqiqə mən ev dustağıyam”.- Banu Sadıqova giley edir.
Zəhərlənmə nədən baş verib?
Pambıqçılar deyir ki, tarlaya alaq otlarına qarşı kimyəvi maddə vurulub. Bu maddənin təsiri 15 günə keçir. Ancaq onları 4 gündən sonra sahəyə işləməyə çıxarıblar. “Briqadirə yerin yiyəsi dedi ki, mənə də yuxardan deyiblər, zəhərin təsiri ölüb. Çünki yağış yağıb. Yağış zəhəri yuyub. Guya yağışın sayəsində bunlar arxayn olublar ki, zəhərin təsiri ölüb. Amma, sən demə, ölməyibmiş”. “Kənd soveti, bələdiyyə, fermer deməliydi ki, bu sahə zəhərlidir. Deməmişdilər”.
Pambıqçıların dediyinə görə, sahibkara da neçə hektar əraziyə nə qədər dərman vurulması ilə bağlı bilgi verilməyib. Ərazidəki fermer Lətif Xəlilovu evində, sahəsində axtarsaq da, onunla əlaqə yaratmaq mümkün olmadı. Kənd təsərrüfatı naziri İnam Kərimov analoji zəhərlənmələrlə bağlı açıqlamasında özəl şirkətlərin və fermerlərin üzərinə ciddi öhdəlik düşdüyünü bildirib. Həmçinin nazir vurğulayıb ki, cinayət işi açılıb, hadisə prokurorluqda araşdırılır, dövlət başçısı İlham Əliyevin nəzarətindədir. Pambıqçılarsa heç bir müqavilə bağlamadan çalışıblar. Başlarından gün döyəcləyə-döyəcləyə günü 10 manata 12 saat işləyiblər. Zəhərsə canlarından çıxmayıb. Dərmanların qiyməti maaşlarından baha başa gəlib. Həkimlər onlara bir il işləyə bilməyəcəklərini söyləyiblər: “Dedi, get, müalicən davam etməlidir. Dərmanın birini nisyə, birini nağd alıram. Gəlirim yoxdur. 50 manat heç alaqdan pul qazanmadım, Ancaq 150 manat elə dərmanlarıma getdi. Hələ bundan sonra da dərman almalıyam. Bimirəm onu necə edəcəm”.
“Getdiyimiz günü bizə sistem köçürüldü. Köməyə gedənlərimizə isə heç baxan olmadı. Səhərisi gun halımız pisləşib, xəstəxanada kömək istəyirik, hətta onu bizə etmirdilər. Kim qışqırırdı, tələb edirdisə, ona baxılırdı”.- Rəna Həsənova şikayətlənir.
Saatlıdan sonra Tərtərdə və və İmişlidəki pambıq tarlalarında da kütləvi zəhərlənmə baş verib. Rəsmi məlumatlara görə, İmişlidə 80 nəfər zəhərlənib, 35-nin vəziyyəti ağır olub. Xəstəxana işçilərinin verdiyi məlumata görəsə, 400-ə yaxın pambıqçı zəhərlənib. Xəstələr arasında azyaşlılar da olub. Yəqin azyaşlıların əməyə cəlb edilməsi məsələsi də əlaqədar orqanların diqqətində olacaq.
Səhiyyə Nazirliyi mətbuata açıqlayıb ki, zəhərlənənlərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək. “Dövlət bizə necə yardım ayıracaq. Nə edəcək? Bizə belə şeylər qaranlıq qalıb. Guya kompensasiya ayrılmalıdır”-deyə Banu Sadıqova sual edir. Rəsmi açıqlamalarda kompensasiya sözünə rast gəlinmir. Pambıqçılara bu günəmuzd işdən geriyə qalansa, dərmanlar və qollarındakı iynə izləridir.

Related Articles

050-295-94-79
top