AVRO İLƏ AYLIQ FAİZ QAZANAN MƏMURLAR MƏHKƏMƏYƏ GƏLMƏDİLƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Rahib Hüseynovun əlavə şahid kimi dindirilməsini istədiyi şəxslər məhkəməyə gəlməyib. Həmin şəxslər Rizvan İsmayılov və Üsaməddin Məlikovdur. Hər ikisi Azərbaycan Dəmiryolları QSC-də yüksək vəzifə tuturlar. Rahib Hüseynov ötən prosesdə məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim etmişdi. Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur.
Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib. Kitablarda adı keçən və daha çox aylıq avro ilə faiz qazancı əldə edən Rizvan İsmayılov və Üsaməddin Məlikov bu gün məhkəməyə gəlməyib. Onlardan biri telefon zənglərinə cavab verməyib. Digəri ilə isə məzuniyyətdə olduğu üçün əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra məhkəmədə təqsirləndirilən Rahib Hüseynovun atası İsmayıl Hüseynov əlavə şahid kimi ifadə verib.
O, deyib ki, iş ilk dəfə araşdırılarkən oğlunun günahsız olduğu üzə çıxıb. Amma sonradan aparılan araşdırma ilə oğlu təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilib: “Pulu alan da, verən də məlumdur. Mənim oğlanlarım sadəcə bu işdə poçtalyon olub. Zərərçəkmişlər məndən bunu soruşdular. Özləri də dedilər ki, pulu Elnar Əsgərova veriblər. Amma mənim oğlum işə düşdü”. Suallara cavab verən İsmayıl Hüseynov oğlunun vaxtı ilə Azərbaycan Dəmiryolları QSC-də marketinq şöbəsində işlədiyini və aylıq məvacibinin 500-1000 manat olduğunu deyib.
Prokuror İ.Hüseynova sual verib ki, oğlu bu qədər məvaciblə Novxanıda bağ evini necə tikdirib? İsmayıl Hüseynov suala belə cavab verib: “Onlara aylıq paket də verilirdi. Onu da bilirdim ki, dəmiryoluna mal alıb verirdilər. Onların başında da duran şəxs var idi. Alıb, satıb, pul qazanırdılar. Mən elə bilirəm ki, həmin puldur”. Təqsirləndirilən şəxsin atası bildirib ki, oğlunun tikdirdiyi bağ evi indi onlarda deyil: “Bağı Əvəz Qocayev aldı. Dedi ki, zərərçəkmişlərə borcu ödəyib. Olsaydı satıb pulu ödəyərdik”. Məhkəmə iclası mayın 29-da davam etdiriləcək. R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə qarşı da dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib. Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur. Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb. Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun adı keçir.

Related Articles

050-295-94-79
top