YUYUCU VASİTƏLƏRƏ DİQQƏT: SAĞLAMLIĞINIZ TƏHLÜKƏDƏ – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

ARB TV-nin “Günə doğru” verilişində saxta yuyucu vasitələr haqda sujet efirə gedib.

Bəzən məşhur brend adı altında saxta yuyucu vasitələr satılır. Bu məhsullar xarici görünüşcə tanınmış brendə oxşasa da, içinə keyfiyyətsiz təmizləyici vasitələr doldurulur və ucuz qiymətə də satılır.

Elə bir neçə gün əvvəl Gəncə şəhərində də saxta yuyucu vasitələri hazırlayan dəstə polis əməkdaşları tərəfindən saxlanılıb. Bu fakt onu göstərir ki, bu kimi halların qarşısı alınsa da saxta yuyucu vasitələri hazırlayan işbazlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Nəticədə də bu cür saxta təmizləyici vasitələrdən kifayət qədər insan zərər görür.

Ayparə Allahverdiyeva – sakin: “Köpüklənmir, təmizləmir. Alanda başqa cür reklam eləyirlər. Alırsan görürsən ki, belə deyil, başqa cürdür”.

Satıcılar isə bu cür saxta yuyucu vasitələrə daha çox səyyar satış nöqtələrində rast gəlindiyini deyirlər.

İlkin Babazadə – satış meneceri: “Saxta yuyucu vasitələr çox vaxt səyyar satıcılar tərəfindən yol kənarında satılır. Bizim marketdə belə mallar satılmır. Biz yuyucu vasitələri firmadan alırıq. Onlardan alanda da orjinallığı haqqında sənəd tələb eləyirik. Təqdim edirlər”.

Keyfiyyətsiz yuyucu vasitələrin yaydığı xoşagələn qoxuya da aldanmaq olmaz. Onun tərkibi kimyəvi maddələrdən ibarətdir ki, bu təravətli qoxu əslində kimyəvi qarışıqların kəskin qoxusunu zərərsizləşdirməyə xidmət edir.

Hüseynxan Əzizov –Dermatonevroloq: “Yuyucu vasitələri istifadə etdikdən sonra əsasən əllərində təmas dermatiti ilə və ya uzun müddət çəkirsə, ekzemayla daha ağır allergik vəziyyətlə bizə müraciət edirlər. Mənşəyi bilinmədiyi üçün və tərkibində bəzi yuyucu vasitələrin həddindən artıq xlor tərkibli maddələr qatılır. O maddələr də dağıdır. Paltrı ağardır, dərini dağıdır”.

Bir çox hallarda xanımlar istər qabları, istərsə də paltarları birbaşa əl təması ilə yuyurlar. Belə olan halda keyfiyyətsiz təmizləyici vasitə həssas dəriyə daha tez təsir edir.

Hüseynxan Əzizov –Dermatonevroloq: “Onlardan istifadə edərkən əlcəklərdən hökmən istifadə etmək lazımdır. Maskalardan istifadə eləyin. Çünki tənəffüs yolu ilə toz şəklində və yaxud buxar şəklində daxil olarsa, orada da allergiya törədir. Əsas məslə odur ki, yuyucu alarkən onun mənşəyi ilə maraqlansınlar”.

Bundan sonra yuyucu vasitələr alan zaman qiymətinin ucuz olmasına fikir verdiyimiz kimi, daha vacib keyfiyyətinə də diqqət yetirmək lazımdır.

Related Articles

050-295-94-79
top