AZƏRBAYCANIN YENİ BAŞ NAZİRİ KİMDİR? – ARAYIŞ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanın yeni baş nazirinin adı rəsmən bəlli olub.

BiG.AZ xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən iclasında bu posta Novruz Məmmədov layiq görülüb.

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun “Avropa dilləri” fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

O, ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi (2017-ci ildən)[1], Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012-2017), Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997-ci ildən) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (2017-ci ildən) vəzifəsini icra edib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur – “Fəxri Legion” ordeni ilə təltif edilib.

2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiridir.

İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak edib.

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.

N.Məmmədov həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Qeyd edək ki, bu gün seçilən şəxs Azərbaycanın 28-ci baş naziri olacaq.

Related Articles

050-295-94-79
top