AZƏRBAYCANDA MEDİA KLUBU YARADILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 10
    Shares
Xəbər verdiyimiz kimi, Azərbaycan jurnalist cameəsinin bir neçə təmsilçisinin təşəbbüsü ilə Media Klubunun yaradılması ideyası irəli sürülüb və ilkin görüş keçirilib.
“Qaynarinfo”-nun verdiyi xəbərə görə, Turan agentliyinin ofisində baş tutan görüşdə “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət, xural.com saytının baş redaktoru Əvəz Zeynallı, aztoday.az saytının baş redaktoru Elmidar Əliyev, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iştirak ediblər.
Artıq sosial şəbəkədə geniş müzakirə olunan və müsbət qarşılanan təşəbbüslə bağlı çoxsaylı suallar da diqqət çəkir: MK niyə yaradılır? Formatı necə olacaq? Üzvlər qəbul ediləcəkmi və s.
Bununla bağlı MK-nın təşəbbüskarlarından bir neçəsinin fikirlərini təqdim edirik:
“Məsləhətçi qurum kimi düşünülmüş Media Klubu ona görə yaradılır ki, mətbuatın düşdüyü vəziyyəti açıq şəkildə müzakirə edib çıxış yolları axtaraq. Bu gün Azərbaycan mediası mənəvi böhran içindədir. Media vasitələri və burada çalışanların böyük bir qismi böhtan, təhqir, şantaj və zorakılığın təbliği, dəyərlərin gözdən salınması, iyrənc siyasi mübarizə, söyüş və diskreditasiya üçün alətə çevrilib. Təəssüf ki, sosial media da bu tərzi daha əcaib formada tirajlayır. Qapısı bütün vicdanlı qələm və söz sahiblərinin üzünə açıq olan KLUBda deyilən məsələləri davamlı müzakirə etmək planlaşdırılır” – MK-nın təsisçilərindən olan tanınmış ekspert, professor Qulu Mərhərrəmli bildirib.
“İllərdir gündəmdə olan önəmli hadisə baş verdi. Azərbaycan mediasının önəmli simaları ilə bir araya gəldik və yeni bir oluşumun əsasını qoyduq. Media Klubunu – medianın ciddi problemlərini müzakirə etmək, təkliflər irəli sürmək, çıxış yolları axtarmaq üçün təsis etdik. Hələlik dairəni məhdud saxlamaq planımız var. Qərarları konsensus qaydasında qəbul edəcəyik. Ayda bir, mümkün olan qədər iki dəfə toplaşacağıq. Biz medianın problemlərinin həllində birləşməyə çalışacağıq” – Xural.com saytının baş redaktoru Əvəz Zeynallı deyib.
“MK-nın yaranmasını zəruri edən əsas səbəb medianın indiki durumudur. MK bu narahatlıqların və problemlərin açıq müzakirə ediləcəyi bir platforma kimi nəzərdə tutulub. Hələ ki, ilkin qərar budur, növbəti görüşlər və müzakirələrdən hansı nəticə və qərarların çıxacağını isə zaman göstərəcək. Tərkibin genişlənməsi və formatın daha dəqiq şəkil alması da təbii ki, növbəti görüşlərimizdə müzakirə olunacaq. Aldığımız reaksiyalar bir daha göstərir ki, bu kimi təşəbbüslərə, platformalara böyük ehtiyac var”- Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət bildirib.

Related Articles

050-295-94-79
top